Qüvvəyə minmə tarixi: 23.10.2026
Bu Məxfilik siyasəti (bundan sonra — «Siyasət») Yoolaz (VÖEN: 0; bundan sonra — «Yoolaz», «biz») tərəfindən Yoolaz platformasında şəxsi məlumatlarınızın hansı məqsədlə toplandığını, necə istifadə olunduğunu, kimə ötürüldüyünü və necə qorunduğunu, habelə bu məlumatlarla bağlı hüquqlarınızı izah edir. Platformaya yoolaz.com saytı və onun alt domenləri (id, app, pro, biznes, nav.yoolaz.com), Yoolaz, Yoolaz Pro və Yoolaz Naviqator tətbiqləri və Yoolaz Telegram botu daxildir.
Şəxsi məlumatlarınız «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq emal edilir. Şəxsi məlumatlarınızın sahibi və operatoru Yoolaz-dir.
Əsas prinsiplərimiz
- yalnız xidmət üçün lazım olan məlumatları toplayırıq;
- şəxsi məlumatlarınızı satmırıq və reklam məqsədilə heç kimə vermirik;
- üçüncü tərəf reklam şəbəkələrindən və izləmə (tracking) kodlarından istifadə etmirik;
- xəritə, marşrut və ünvan axtarışı əsasən öz serverlərimizdə işləyir;
- tıxac və xəritə üçün istifadə olunan GPS məlumatları anonimləşdirilir.
1. Topladığımız məlumatlar
1.1. Bizə verdiyiniz məlumatlar
- Hesab: ad, soyad, telefon nömrəsi, e-poçt (istəyə bağlı), profil şəkli, doğum tarixi və cins (istəyə bağlı), Telegram identifikatoru və istifadəçi adı (Telegram ilə daxil olduqda və ya botu qoşduqda), dil və bildiriş ayarları.
- Ünvanlar: saxladığınız ünvanlar (ev, iş və s.) və onlara əlavə etdiyiniz qeydlər (giriş, mərtəbə, mənzil).
- Sifarişlər: götürmə və təyinat nöqtələri, dayanacaqlar, vaxt, tarif, qiymət və təklif etdiyiniz qiymət, sifariş qeydləri, ödəniş üsulu, promokodlar, qiymətləndirmə və rəylər.
- Təhlükəsizlik: etibarlı kontaktlarınızın adı və telefon nömrəsi (siz əlavə etdikdə), SOS müraciətləri.
- Elanlar: elanın mətni, fotoları, qiyməti, yeri, əlaqə məlumatları, alıcı ilə satıcı arasındakı çat mesajları, şikayətlər.
- Dəstək: Dəstək çatındakı yazışmalar, göndərdiyiniz fayl və şəkillər.
- Xəritə töhfələri: Naviqatorda bildirdiyiniz yol hadisələri, ünvan, obyekt və yol təklifləri.
1.2. Tərəfdaşlardan əlavə toplanan məlumatlar
Sürücü, kuryer, taksi parkı və bizneslərdən əlavə olaraq toplanır:
- şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi (texpasport), VÖEN və digər sənədlərin surətləri;
- avtomobil məlumatları (marka, model, buraxılış ili, rəng, dövlət qeydiyyat nişanı), fotokontrol şəkilləri;
- park və ya biznesin rekvizitləri, balans artırılmasına dair ödəniş qəbzləri;
- balans, komissiya, qazanc və əməliyyat tarixçəsi, reytinq, xəttdə olma vaxtı.
1.3. Avtomatik toplanan məlumatlar
- Məkan (GPS) — müştəri tətbiqində: icazə verdikdə, tətbiq açıq olduğu müddətdə — sifariş vermək, yaxınlıqdakı sürücüləri göstərmək və təhlükəsizlik (SOS) üçün. Son məlum mövqeyiniz saxlanılır.
- Məkan (GPS) — Yoolaz Pro tətbiqində (sürücü və kuryer): xəttdə olduğunuz müddətdə, o cümlədən tətbiq arxa planda işlədikdə və ekran sönülü olduqda — sifarişlərin paylanması, Müştəriyə sürücünün yerinin göstərilməsi, gediş məsafəsinin və haqqının düzgün hesablanması, fırıldaqçılığın qarşısının alınması üçün. Xətdən çıxdıqda arxa planda məkan toplanmır.
- Gediş marşrutu: gediş zamanı sürücünün mövqeyi və marşrut xətti — gediş tarixçəsi, mübahisələrin həlli və təhlükəsizlik üçün.
- Naviqator: marşrut qurmaq üçün başlanğıc və təyinat nöqtələri; tıxac xəritəsi üçün hərəkət sürəti və mövqe nöqtələri — anonim şəkildə, hər gün dəyişən təsadüfi identifikatorla. Kim olduğunuz bu məlumatlarla birlikdə saxlanılmır.
- Texniki məlumatlar: IP ünvanı, cihaz və brauzer növü, əməliyyat sistemi, tətbiq versiyası, push bildiriş tokenləri, giriş tarixçəsi (vaxt və cihaz), xəta jurnalları.
1.4. Üçüncü tərəflərdən alınan məlumatlar
- Telegram ilə daxil olduqda — Telegram-ın ötürdüyü ad, istifadəçi adı, identifikator və profil şəkli;
- taksi parkı sizi sürücü kimi qeydiyyatdan keçirdikdə — park tərəfindən daxil edilən məlumatlar.
Ödəniş kartı məlumatlarını toplamırıq və saxlamırıq.
2. Məqsədlər və hüquqi əsaslar
- Xidmətin göstərilməsi (müqavilənin icrası): hesabın yaradılması və giriş, sifarişlərin qəbulu, Tərəfdaşa ötürülməsi və icrası, hesablaşmalar, sifariş tarixçəsi, Dəstək.
- Təhlükəsizlik və fırıldaqçılığın qarşısının alınması (qanuni maraq): Tərəfdaş sənədlərinin yoxlanılması, SOS, gedişin paylaşılması; saxta hesabların, saxta ləğvlərin, promokod sui-istifadəsinin və saxta GPS-in aşkarlanması; hesabın icazəsiz girişdən qorunması.
- Qanuni öhdəliklər: mühasibat və vergi uçotu, dövlət orqanlarının qanuni sorğularının icrası.
- Xidmətin təkmilləşdirilməsi (qanuni maraq): statistika, tələbin proqnozlaşdırılması, tariflərin və pik saat əmsalının hesablanması, xəritənin, tıxac məlumatlarının və marşrutların yaxşılaşdırılması — mümkün olduqda ümumiləşdirilmiş və ya anonim məlumatlarla.
- Ünsiyyət: sifariş, hesab və təhlükəsizlik barədə xidməti bildirişlər; razılığınızla — aksiyalar, promokodlar və yeni xidmətlər barədə marketinq bildirişləri.
- Razılıq: cihaz icazələri (məkan, kamera, mikrofon, bildirişlər) və Tərəfdaş sənədlərinin emalı — qeydiyyat zamanı ayrıca razılıq alınır. Razılığınızı istənilən vaxt geri götürə bilərsiniz, lakin bu, müvafiq funksiyaların işini məhdudlaşdıra bilər.
3. Avtomatlaşdırılmış qərarlar
Platforma bəzi qərarları avtomatik qəbul edir: tövsiyə olunan qiymət və pik saat əmsalı, sifarişin hansı sürücülərə göstərilməsi, şübhəli ləğv və fırıldaqçılıq əlamətlərinin aşkarlanması, etibarlı istifadəçilərin xəritə təkliflərinin avtomatik qəbulu. Avtomatik qərar sizə əhəmiyyətli təsir göstərərsə (məsələn, hesabın məhdudlaşdırılması), Dəstəyə müraciət edərək onun əməkdaş tərəfindən yenidən baxılmasını tələb edə bilərsiniz.
4. Məlumatların ötürülməsi
Şəxsi məlumatlarınızı yalnız aşağıdakı hallarda və lazım olan həcmdə ötürürük:
- Sifarişin qarşı tərəfinə: sürücüyə və ya kuryerə — adınız, telefon nömrəniz, götürmə və təyinat nöqtələri, sifariş qeydiniz və reytinqiniz; sizə — sürücünün adı, şəkli, telefon nömrəsi, reytinqi, avtomobilin markası, rəngi, dövlət qeydiyyat nişanı və gediş zamanı canlı mövqeyi.
- Restoran və mağazalara: sifarişin tərkibi, adınız, telefon nömrəniz və çatdırılma ünvanı.
- Taksi parkına: parkın sürücüsünün gedişləri, balansı və fəaliyyəti barədə məlumatlar.
- Elan alıcılarına: siz seçdikdə telefon nömrəniz elanda göstərilir; çat mesajları yalnız çatın tərəflərinə görünür.
- Etibarlı kontaktlarınıza: SOS düyməsini basdıqda və ya gedişi paylaşdıqda — gediş məlumatı və canlı mövqeyiniz.
- Telegram: giriş kodunun göndərilməsi (Telegram Gateway) üçün telefon nömrəniz; botu qoşduqda bildirişlərin mətni.
- Google Firebase Cloud Messaging və brauzerlərin push xidmətləri (Google, Apple, Mozilla): push bildirişlərin çatdırılması üçün cihaz tokeni və bildiriş mətni.
- Hostinq və infrastruktur təminatçıları: serverlərin yerləşdirilməsi və texniki xidməti üçün — yalnız bizim təlimatımızla və məxfilik öhdəliyi ilə.
- Açıq xəritə və kitabxana xidmətləri: zəruri hallarda ünvan axtarışı və marşrut üçün açıq xəritə xidmətlərinə (OpenStreetMap) yalnız axtarış sözü və ya koordinat göndərilə bilər — şəxsiyyətinizi müəyyən edən məlumat göndərilmir. Bəzi proqram kitabxanaları jsDelivr CDN xidmətindən yüklənir; bu zaman IP ünvanınız texniki olaraq həmin xidmətə məlum olur.
- Səyahət tərəfdaşlarına (bölmə aktiv olduqda): aviabilet axtarışında axtarış parametrləri (istiqamət, tarix, sərnişin sayı) Travelpayouts/Aviasales xidmətinə göndərilir. Bilet almaq üçün onların saytına keçdikdə onların məxfilik siyasəti tətbiq olunur.
- Dövlət orqanlarına: yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada (məhkəmə qərarı, hüquq-mühafizə orqanlarının rəsmi sorğusu), habelə kiminsə həyatına və ya sağlamlığına təhlükə olduqda.
- Hüquqi varisə: şirkətin birləşməsi, satışı və ya yenidən təşkili zamanı — bu Siyasətdəki öhdəliklərin saxlanılması şərtilə. Bu barədə əvvəlcədən məlumat veriləcək.
5. Məlumatların Azərbaycandan kənara ötürülməsi
Bəzi xidmət təminatçılarının (Telegram, Google, Apple, CDN) serverləri Azərbaycan Respublikasından kənarda yerləşir. Belə ötürmə yalnız bu Siyasətdə göstərilən məqsədlər üçün, minimum həcmdə və «Fərdi məlumatlar haqqında» Qanunun tələblərinə uyğun aparılır. Hesab, sifariş və Tərəfdaş sənədləri kimi əsas məlumatlar Yoolaz-ın idarə etdiyi serverlərdə saxlanılır. Məlumat bazasının ehtiyat nüsxələri AES-256 ilə şifrələnir və şifrələnmiş şəkildə ayrıca yaddaşda saxlanıla bilər; şifrə açarı yalnız Yoolaz-dadır.
6. Saxlama müddətləri
- Hesab məlumatları — hesab aktiv olduğu müddətdə; hesab silindikdə dərhal silinir (bax: bölmə 9).
- Sifariş və ödəniş qeydləri — mühasibat və vergi qanunvericiliyinin tələb etdiyi müddət ərzində; hesab silindikdən sonra sizinlə əlaqəsi kəsilmiş (anonim) şəkildə.
- Tərəfdaş sənədləri — əməkdaşlıq müddətində və bitdikdən sonra qanunvericiliyin tələb etdiyi müddət ərzində.
- Son məlum mövqe — hər yeni mövqe ilə əvəzlənir; hesab silindikdə silinir.
- Naviqatorun anonim tıxac nöqtələri — xam nöqtələr təxminən 30 dəqiqə ərzində ümumiləşdirilir və silinir.
- Yeni yolların aşkarlanması üçün anonim GPS izləri — 90 gün.
- Pik saat statistikası — 30 gün.
- Giriş kodları — qısamüddətlidir; istifadə edildikdən və ya müddəti bitdikdən sonra etibarsız olur.
- Dəstək yazışmaları, şikayətlər və təhlükəsizlik jurnalları — müraciətin həlli və mümkün mübahisələrin araşdırılması üçün lazım olan müddət ərzində.
- Şifrələnmiş ehtiyat nüsxələr — məhdud sayda saxlanılır və növbə ilə yeniləri ilə əvəz olunur.
7. Məlumatların qorunması
- Platforma ilə bütün əlaqə HTTPS (TLS) ilə şifrələnir;
- şifrələr bərpaolunmaz şəkildə (Argon2id) saxlanılır; giriş birdəfəlik kodlarla aparılır;
- əməkdaşların məlumatlara girişi rol əsasında məhdudlaşdırılır və iki mərhələli autentifikasiya (2FA) ilə qorunur;
- Tərəfdaş sənədləri ictimai girişi olmayan qorunan yaddaşda saxlanılır; əməkdaşın sənədə hər baxışı jurnala yazılır;
- ehtiyat nüsxələr AES-256 ilə şifrələnir;
- sorğu limitləri, CSRF qoruması və məzmun təhlükəsizliyi siyasəti (CSP) kimi texniki tədbirlər tətbiq olunur.
Heç bir sistem tam təhlükəsiz deyil. Hüquqlarınız üçün risk yaradan məlumat sızması baş verərsə, qanunvericiliyə uyğun olaraq sizə və müvafiq orqanlara məlumat verəcəyik.
8. Hüquqlarınız
«Fərdi məlumatlar haqqında» Qanuna uyğun olaraq sizin aşağıdakı hüquqlarınız var:
- haqqınızda hansı məlumatların, hansı məqsədlə emal edildiyini, onların mənbəyini və kimə ötürüldüyünü öyrənmək;
- məlumatlarınızın surətini almaq;
- səhv və ya köhnəlmiş məlumatların düzəldilməsini tələb etmək;
- məlumatların silinməsini və ya emalının məhdudlaşdırılmasını (bloklanmasını) tələb etmək;
- verdiyiniz razılığı geri götürmək;
- marketinq bildirişlərindən imtina etmək;
- avtomatlaşdırılmış qərara əməkdaş tərəfindən yenidən baxılmasını tələb etmək;
- hüquqlarınız pozulduqda müvafiq dövlət orqanına və ya məhkəməyə müraciət etmək.
Profil məlumatlarını tətbiqdə özünüz dəyişə bilərsiniz. Digər sorğular üçün tətbiqdəki Dəstək bölməsinə və ya info@yoolaz.com ünvanına yazın. Sorğunun sizin hesabınızdan gəldiyini təsdiq etdikdən sonra ona qanunvericilikdə müəyyən edilmiş müddətdə cavab veririk.
9. Hesabın və məlumatların silinməsi
Hesabınızı istənilən vaxt silə bilərsiniz:
- tətbiqdə: Profil → Hesabı sil;
- tətbiqi quraşdırmadan: yoolaz.com/hesabi-sil.
Dərhal silinir: adınız, telefon nömrəniz, e-poçtunuz, şifrəniz, profil şəkliniz, doğum tarixiniz, Telegram bağlılığı, saxlanmış ünvanlar, etibarlı kontaktlar, son məlum mövqeyiniz, bildirişlər və bütün cihazlardakı girişlər. Elanlarınız yayımdan çıxarılır, sifarişlərdəki adınız və telefon nömrəniz silinir.
Anonim saxlanılır: sifarişlərin qeydləri (tarix, marşrut, məbləğ) — maliyyə uçotu və qanunvericiliyin tələbləri üçün, artıq sizinlə əlaqəsi olmadan. Qəbul edilmiş xəritə töhfələri xəritədə müəllif göstərilmədən qalır.
Aktiv sifariş, ödənilməmiş borc və ya Tərəfdaş balansı olduqda silinmədən əvvəl onlar tənzimlənməlidir.
10. Kukilər və cihazda saxlanan məlumatlar
Yalnız zəruri kukilərdən istifadə edirik: giriş sessiyası, «bu cihazı xatırla», təhlükəsizlik (CSRF) və ayarlar. Cihazınızın yaddaşında (localStorage, keş) tətbiq ayarları, yarımçıq qaralamalar və tətbiqin sürətli açılması üçün fayllar saxlanıla bilər. Reklam və üçüncü tərəf analitika kukilərindən istifadə etmirik. Kukiləri brauzer ayarlarından silə bilərsiniz, lakin bu zaman hesabdan çıxış olunacaq.
11. Cihaz icazələri
- Məkan — sifariş, naviqasiya, yaxınlıqdakı sürücülər, SOS; Yoolaz Pro-da xəttdə olarkən arxa planda da.
- Bildirişlər — sifariş, mesaj və təhlükəsizlik bildirişləri.
- Kamera və qalereya — profil şəkli, elan fotoları, sənədlər və fotokontrol.
- Mikrofon (Yoolaz Pro) — səsli mesajlar və dəstəklə səsli əlaqə.
- Telefon zəngləri — sürücüyə, müştəriyə, dəstəyə və 112-yə bir toxunuşla zəng.
- Ekranın açıq qalması — naviqasiya zamanı və GPS ilə yol çəkərkən.
İcazələri istənilən vaxt telefonun ayarlarından ləğv edə bilərsiniz; bu zaman müvafiq funksiyalar işləməyəcək.
12. Uşaqların məlumatları
Platforma 18 yaşından kiçik şəxslər üçün nəzərdə tutulmayıb və biz bilərəkdən onların şəxsi məlumatlarını toplamırıq. Uşağınızın məlumatlarının bizə ötürüldüyünü düşünürsünüzsə, Dəstəyə yazın — həmin məlumatlar silinəcək.
13. Siyasətin dəyişdirilməsi
Siyasəti yeniləyə bilərik. Mühüm dəyişikliklər barədə qüvvəyə minməzdən əvvəl Platformada və ya bildiriş vasitəsilə məlumat veririk; qanunla tələb olunduqda yenidən razılığınızı alırıq. Siyasətin aktual redaksiyası həmişə yoolaz.com/privacy ünvanında yerləşir.
14. Əlaqə
Məlumat operatoru: Yoolaz
VÖEN: 0
Hüquqi ünvan: Ordubad rayonu
E-poçt: info@yoolaz.com
Telefon: +994506292010
Tətbiqdə: Profil → Dəstək (hər gün 09:00–23:00)